"Google" şirkəti "Shoelace" adlı yeni sosial şəbəkəsinin testinə start verib.
Unikal.org technote-yə istinadən xəbər verir ki, bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq.
Məlumata görə, "Shoelace" sosial şəbəkəsinin "iOS" və "Android" versiyası var. Lakin o, hələlik Nyu-Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır.
Bu sosial şəbəkə insanları eyni maraqlara sahib digər insanlarla birləşdirməyi söz verir. Burada istifadəçi öz görüşünü yarada bilər və ya hansısa tədbirə gedəcəyi barəsində yaza bilər. Bununla yanaşı istifadəçi gedəcəyi tədbirə bu sosial şəbəkə vasitəsilə dostlarını və ya tanımadığı insanları dəvət edə bilər.
Sosial şəbəkə həmçinin istifadəçinin üstlünlük verdikləri mövzular üzrə ona tədbirləri məsləhət görəcək.
Qeyd etmək lazımdır ki, "Google" şirkəti artıq bu cür konsepsiyaya sahib "Schemer" adlı tətbiqi 2011-ci ildə istifadəyə vermişdi. Lakin 2014-cü ildə həmin layihə bağlanmışdı.