İstanbulda gərginlik yaşanıb. Binaların sökülməsi zamanı bitişik olduğu üçün öz binalarına zərər dəyəcəyini düşünən sakinlər silah və tüfənglə balkona çıxıblar. Həmin silahların sənədsiz olduğu bildirilib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 5 mərtəbəli iki bitişik binadan birinin sakinləri inşaat şirkəti ilə anlaşaraq binanın sökülüb yenidən tikilməsinə qərar veriblər.

Bu gün işçilər binanın önünə gəlib. Digər bina sakinləri öz binalarının da söküləcəyini hesab etdikləri üçün işçilərlə mübahisə ediblər. 

Mübahisə böyüyüb. İki nəfər bina sakini evlərindən silah və ov tüfəngi götürərək balkona çıxıblar. Dərhal polisə xəbər verilib. Balkona çıxan həmin şəxslər hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. Bu hadisədən sonra binanın sökülməsi işləri təxirə salınıb.