Azərbaycan Milli Olimpiya Komitəsinin təşəbbüsü ilə XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi üzvlərinin birgə iclası keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.
Nazirliyin rəsmisinin bildirdiyinə görə, yığıncaqda əsas müzakirə mövzusu Olimpiya Festivalında Azərbaycanın bayraqdarının müəyyən edilməsi olub. İştirakçılar seçimdə cüdoçu, 15 yaşlı Vüqar Talıbova üstünlük veriblər. İyulun 21-də keçiriləcək XV Avropa Gənclər Olimpiya Festivalının açılış mərasimində Azərbaycanın bayrağını məhz o daşıyacaq.
Qeyd edək ki, Vüqar Talıbov 11 avqust 2003-ci il təvəllüdlüdür. 2018-ci il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi, Avropa Kubokunun sahibi, eləcə də Afrika Kubokunun gümüş və Asiya Kubokunun bürünc mükafatçısıdır.
Bakıda təşkil ediləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-də başlayıb, 27-də yekunlaşacaq. Azərbaycan paytaxtına 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizə aparacaqlar. Olimpiya Festivalı zamanı 12 idman obyektində 2500-dən çox könüllünün fəaliyyət göstərəcəyini də qeyd edək.