Gənclər və idman naziri Azad Rəhimov “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının 2019-cu il üçün məzunlarını mükafatlandırıb.
Unikal.org xəbər verir ki, Azad Rəhimov bu gün Gənclər və İdman Nazirliyinin 25 ilinin tamam olduğunu bildirərək, qurumun Azərbaycanda baş verən mürəkkəb ictimai-siyasi bir dövrdə yaradıldığını bildirdi . Nazir xatırlatdı ki, Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi həkimiyyətə qayıdan kimi ilk görüşü məhz həmən ilin sentyabrında Milli Məclidə gənclərlə etdi.
Azad Rəhimov bildirdi: “1994-cü ilin 26 iyulunda yaradılmış Gənclər və İdman Nazirliyi Heydər Əliyev tərəfindən ilk yaradılan nazirlik oldu. Nazirliyin yaradılması ilə gənclər və idman siyasətinin əsası qoyuldu. Ulu öndər 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrləri təhlil etsək görərik ki, gənclər və idman məsələləri daim onun xüsusi diqqətində olub. Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşmış və daim öz himayəsində saxlamışdır. Əbəs yerə o gənclərlə görüşlərində daim “Azərbaycanın gələcəyi gənclərdir” ifadəsini işlətmirdi.”
Nazir qeyd etdi ki, bu gün burada Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibəti ilə Gənclər və İdman Nazirliyi və Heydər Əliyev Mərkəzi tərəfndən keçirilmiş “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramına yekun vurulur.
Qeyd edək ki, proqram çərçivəsində gənclər üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla, Müdafiə naziri Zakir Həsənovla, Mədəniyyət Naziri Əbülfəz Qarayevlə, Təhsil Naziri Ceyhun Bayramovla, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevlə, Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini İlqar Musyevlə və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşlər təşkil edilib. Görüşlər bir növ seminar xaraketri daşıyıb və gənclərimiz dövlətimizin müxtəlif sahələrdə siyasəti ilə daha da yaxından tanış olublar. Gənclər eyni zamanda, ulu öndərlə çiyin-çiyinə işləmiş rəhbər şəxslərdən Heydər Əliyevin həyat və fəaliyyəti barədə daha da dolğun məlumatlar alıblar.