İyulun 29-dan avqustun 4-dək Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı keçiriləcək.
Unikal.org xəbər verir ki, ilk günlərdə mübarizə aparacaq Azərbaycanın sərbəst güləşçiləri böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Yaşar Əliyevin rəhbərliyi altında çıxış edəcək.
Heyətdə Murad Haqverdiyev (45 kq), Cavid Cavadov (48 kq), Riad Aslanov (51 kq), Zirəddin Bayramov (55 kq), Fərhad Kərimli (60 kq), Cəbrayıl Hacıyev (65 kq), Məmmədəli Əliyev (71 kq), Fərid Cabbarov (80 kq), Saqadulla Ağayev (92 kq) və Hamlet Nəsibli (110 kq) yer alıblar.
Yeniyetmə qızların yarışında ölkəmizi böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında Zenfira Həşimova (43 kq), Gültəkin Şirinova (46 kq), Nərgiz Səmədova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Firuzə Məcidova (61 kq) və Nigar Mirzəzadə (65 kq) təmsil edəcəklər.
Mundialın son günlərində böyük məşqçi Taleh İsrafilov və məşqçi Rasim Ağayevin rəhbərliyi altında mübarizə aparacaq yunan-Roma güləşi üzrə millimizin tərkibinə Fərid Sadıxlı (45 kq), Ziya Babaşov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq), Rauf Əliyev (71 kq) və Laçın Vəliyev (92 kq) daxil ediliblər.
Qeyd edək ki, dünya çempionatında beynəlxalq dərəcəli hakim Zaur Şərifov ədaləti qoruyacaq.