Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) iyunun 28-də Füzuli rayonunda aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.
Unikal.org-un məlumatına görə, hesabatda bildirilir ki, Horadiz şəhəri üzrə 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticədə 2 940 kv. m ərazi yoxlanılıb və təmizlənib.
Ümumilikdə ANAMA tərəfindən bu il aprelin 7-dən iyunun 28-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 26 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 552 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.