Almaniyada sığınacaq istəyi rədd edilən azərbaycanlı keçmiş polis əməkdaşı Cəfər Quliyev və ailəsinin deportasiyası mümkün olmayıb. 

Unikal.org “Report”a istinadən xəbər verir ki, ötən gün C.Quliyev, xanımı Elnarə Quliyeva, övladları - 13 yaşlı Cavanşir, 11 yaşlı Elnur və 2 yaşlı Kristiana barəsində olan deportasiya qərarını icra etmək üçün ailənin Bavariya əyalətinin Amberq şəhərindəki mənzilərinə gələn polis əməkdaşları onları hava limanına aparmaq istəyib.

Lakin E.Quliyeva hamilə olduğu üçün xəstəxanaya yerləşdirildiyindən deportasiya qərarı icra edilə bilməyib.

Məlumata görə, Quliyevlər ailəsi ilə bağlı bir neçə dəfə deprtasiya qərarı verilsə də, polis və miqrasiya xidmətinin əməkdaşları bunu müxtəlif səbəblərdən icra edə bilməyiblər.

Azərbaycanlı ailə barəsində sonuncu deportasiya qərarı isə bu ilin sentyabrında Amberq İdarə Məhkəməsi tərəfindən verilib.

E.Quliyevanın riskli hamilə dövrü yaşamasını əsas gətirən ailə Bavariyadakı “Çətinliklər üzrə komissiya”ya (Härtefallkommission - almanca) müraciət edib.

Məlumat üçün bildirək ki, komissiya ailənin uğurlu inteqrasiyasını nəzərə alıb, onların Almaniyada qalmaları üçün müvafiq orqanlara tövsiyələr verə bilər.