Koronavirus (COVID-19) pandemiyasının yaratdığı mövcud şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşılmalı, işçilərin ixtisarı və əməkhaqlarının azaldılması hallarına yol verilməməlidir.
Bu barədə Unikal.org İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
"Pandemiya ilə əlaqədar dövlətdən maliyyə dəstəyi almış vergi ödəyiciləri tərəfindən işçi saylarının azaldılmaması ciddi nəzarətdə saxlanılır və belə hallara yol verildiyi təqdirdə həmin ödəyicilərə qarşı müvafiq tədbirlər görüləcəkdir", - məlumatda bildirilir.
Qeyd edək ki, Azərbaycanda koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış 34 630 sahibkara 46,91 milyon manat maliyyə dəstəyi göstərilib.
Sahibkarların müraciəti ilə İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunmuş sifarişlər əsasında Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 11 607 vergi ödəyicisinə 28,21 milyon manat, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən 23 023 fərdi (mikro) sahibkara 18,7 milyon manat olmaqla onların müvafiq bank hesablarına köçürüb.
Tədbirlər Planında pandemiyadan zərərçəkmiş sahələrdə çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara ölkə Prezidentinin sərəncamı ilə ayrılan vəsait hesabına ümumilikdə 295 milyon manat maliyyə dəstəyinin ödənilməsi tapşırılıb və İqtisadiyyat Nazirliyinin sifarişləri əsasında xəzinədarlıq orqanları maliyyələşməni gündəlik əsasda davam etdirir.