"Pandemiyadan zərər çəkmiş sahibkarlar və özəl sektora dövlət dəstəyi tətbiq olunur. Müzakirə olunan vergi güzəştləri həyata keçirilən planın tərkib hissəsidir"
Unikal.org xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib. E. Allahverdiyev komitənin bu gün keçirilən iclasında 3 təkliflə çıxış etdiyini bildirib: "Təkliflərim komitə üzvləri tərəfindən maraqla qarşılandı. Təklif edirəm ki, sahibkarlıq subyektlərində əməkdaşların maksimum şəkildə işlərində saxlanılması məqsədilə Azərbaycanda tam karantin rejimi tətbiq olunan tarixdən - martın 26-dan 2020-ci ilin sonunadək özəl müəssisələrdə (bütün özəl sektor təmsilçiləri daxil olmaqla) işçi sayınının azaldılmaması və əməkhaqqı fondunun artırılmasına dəstək məqsədilə sosial sığorta üzrə ayırmalar tutulmasın (2021-ci ildə ümumi işçi sayı və əməkhaqqı fondunu saxlamaq şərti ilə). Bu, gələcək illərdə həm dövlət büdcəsinə əlavə gəlir gətirəcək, həm də özəl sektor təmsilçilərinin əməkdaşları ilə münasibətlərinin rəsmiləşdirilməsi prosesinə təkan verəcək. Özəl sektora dəstək məqsədi ilə ölkədaxili ticarət əməliyyatlarında ƏDV nəzərə alınsın və bəyan edilsin, ancaq gəlir vergisi kimi ildə bir dəfə ödənilsin. Yaxın 2-3 il üçün. Bu halda biz iş adamlarına faktiki faizsiz kredit vermiş oluruq. İş adamları isə həmin məcburi ödənişləri öz bizneslərinin dövriyyəsində investisiya kimi istifadə edirlər".
Millət vəkili həmçinin qeyd edib ki, dövlət tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dəstək müstəvisində bankların özəl sfera təmsilçilərinə verdikləri kreditlərin faizlərinin 50% endirilməsi təklifi olub:
"İndiyədək bu məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Bu məsələyə bir daha qayıtmaq çətin vəziyyətdə olan özəl sektor üçün ciddi kömək olar. Hesab edirəm ki, bu təkliflərin reallaşdırılması yeni növ koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması istiqamətində sahibkarlıq subyektlərinə münasibətdə dəstək ola bilər".