Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, adı çəkilən bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir.
Mərkəzi Bankdan Unikal.org-a verilən məlumata görə, Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.
Qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlamışdır, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür.
Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməmişlər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirmişdir. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.
Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılmış və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə almışdır.
Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.