Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirir.
Dövlət İmtahan Mərkəzindən Unikal.org-a verilən məlumata görə, imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunub. İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək.
İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi ayrılıb.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.