Böyük Britaniyanın PDSA veterinar xeyriyyə təşkilatı Kambocadakı minaların aşkarlanmasında gördüyü işlərə görə Magava adlı nəhəng Afrika siçovuluna prestijli qızıl medal təqdim edib.
Unikal.org xəbər verir ki, bu barədə BBC teleradiokorporasiyası məlumat yayıb.
PDSA qızıl medalında “Heyvanların cəsarəti və ya vəzifəsinə sədaqətinə görə” sözləri yazılıb. Magava “vəzifəsinə sadiq qaldığına görə” mükafat alan 30 heyvan arasında ilk siçovuldur.
Tanzaniyada anadan olub böyüyən 7 yaşlı Magava 1,2 kq ağırlığında və 70 sm uzunluğundadır. O, minaların üstündən keçəndə partlamamaq üçün hələ də kifayət qədər kiçik və yüngüldür.
Magava tenis kortu ölçüsündə olan sahəni cəmi 20 dəqiqədə axtara bilər. İnsan isə metal detektoru ilə bu ölçüdə olan sahəni 1-4 gün arasında axtarır.
O, minaaxtaran kimi karyerası ərzində 39 minanı və 28 partlamamış mərmi aşkar edib.