"Maraqlı görüş alındı. İlk hissədə rəqib öz oyununu göstərməyi bacardı. Düzdür, qol imkanı yaratmağa imkan vermədik. Amma tam istədiyimiz kimi oynamadıq. İkinci hissədə isə qoldan sonra komandam ayıldı. Layiqli qələbə qazandıq".
Unikal.org xəbər verir ki, bunu İspaniya "Vilyarreal"ının baş məşqçisi Unay Emeri UEFA Avropa Liqasının I qrupunun II turunda "Qarabağ"a 3:1 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında deyib.
2 il əvvəl İngiltərə "Arsenal"ınln sükanı arxasında olarkən qarşılaşdığı "Qarabağ"la hazırkı komandanı müqayisə edən 49 yaşlı mütəxəssis ciddi dəyişiklik görmədiyini bildirib: "Qarabağ"ın çox cəzbedici oyunu var. Adama xoş gəlir. İki il əvvəlki ilə indiki komanda hardasa oxşardır".
İspaniyalı baş məşqçinin sözlərinə görə, qol buraxandan sonra komandası sakitliyini qoruya bilib: "Bunun nəticəsində qələbə qazandıq. Penalti oyunun nəticəsinə təsir etmədi. VAR sistemi ilə daha dəqiq müəyyənləşdirmək olardı. Məncə, təmas var idi".
"Qarabağ"ın qrupdan çıxma şanslarını dəyərləndirən Emeri bunları deyib: "Bu gün qələbə bizim üçün vacib idi. Qrupda birinci olmaq istəyirik. Qarşıda oyunlar var. Düşünürəm ki, "Qarabağ"ın da şansı mövcuddur".