“Hamını bu böyük gün, qələbə münasibətilə təbrik edirəm. Azərbaycan xalqı bu səhər yuxudan artıq qalib xalq kimi oyanıb. Nəhayət, 30 illik münaqişəyə son qoyulur. Azərbaycan xalqına ən səmimi arzularımı çatdırıram”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.
Sloveniya ilə sabah Lyublyanadakı “Stejiçe” stadionunda keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransında çıxış edən italiyalı mütəxəssis bu dəfə debütantlara şans verəcəyini söyləyib: “ Sabahkı oyunda daha çox yeni cəlb etdiyimiz oyunçulara şans verəcəyəm. Oyuna yaxşı hazırlaşmaq üçün yetərli vaxtımız olmayıb. Toplanışa dəvət olunan futbolçularla bərpa məşqləri keçmək imkanımız olub. Bütün matçlar bizim üçün vacibdir. Sabah da qalib gəlmək üçün mübarizə aparacağıq”.
De Byazi əlavə edib ki, millinin qapısı hər bir futbolçunun üzünə açıqdır: “Kim özünü yaxşı tərəfdən göstərsə, dəvət alacaq. Kim verilən şansdan istifadə edə bilməsə, özünü doğrultmasa, millinin qapısı üzünə bağlana bilər”.