İranın xarici istehsalçılardan aldığı koronavirus əleyhinə vaksinlərin ödənişini İraq edəcək.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bunu İranın enerji naziri Rza Ərdəkaniyan bildirib. Qərbin sanksiyalarına görə beynəlxalq valyuta transferi şəbəkələrindən istifadə edə bilməyən İran tərəfi vaksin istehsalçılarının pulunu ödəyə bilmir və koronavirusa qarşı vaksinlərin idxalında çətinlik çəkir.

Buna görə də bəzi vaksin istehsalçıları ilə İran və İraq hakimiyyətləri arasında razılıq əldə olunub. Razılığa əsasən, vaksinlərin pulunu İraq ödəyəcək. Belə ki, ABŞ sanksiyaları səbəbindən İranın İraqa satdığı təbii qazın qarşılığı ödənməyib. Çünki İrana valyuta köçürmələri yasaqlanıb. Nəticədə İraqın İrana borcu yaranıb. Hazırda həmin vəsait hesabına İranın tədarük edəcəyi vaksinlərin ödənişini İraq həyata keçirəcək.