Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərin vəziyyətinə dair məlumat yayıb.
Unikal.org xəbər verir ki, nazirlikdən bildirilib ki, indiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 312 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib.
Qeyd olunub ki, həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 106 obyekt (yeni aşkar olunmuş abidə) aşkarlanıb:
“Həmçinin, aparılan monitorinqlər zamanı 571 mədəniyyət müəssisəsi aşkar edilib ki, onlardan 286-sı kitabxana, 237-si mədəniyyət evi və klub müəssisəsi, 19-u muzey, 24-ü uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereyadır. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir”.
Monitorinqlər nəticəsində müəyyən edilib ki, işğaldan azad olunmuş ərazilərdə məscidlər, mədrəsələr, körpülər, məbədlər nəinki dağıdılıb, eyni zamanda, bir çox hallarda təyinatına uyğun olmayan şəkildə istifadə olunaraq xalqımızın milli mənəvi dəyərləri təhqir olunub:
“Burada, Füzuli rayonunda Hacı Ələkbər məscidi, Dədəli, Merdinli, Gecəgözlü, Yuxarı Veysəlli kənd məscidləri, Horadiz kəndindəki iki məscid, Cəbrayıl rayonunda Süleymanlı və Papı kənd məscidləri, Qubadlı rayonunda Məmər və Yusifbəyli kənd məscidləri, Zəngilan rayonunda Zəngilan şəhər məscidi, Malatkeşin və Zəngilan kənd məscidləri xüsusilə qeyd olunmalıdır.
Qaraağac qəbiristanlığında yerləşmiş yerli əhəmiyyətli memarlıq abidəsi olan Uğurlu bəyin türbəsi də daxil olmaqla, XIX əsrə aid dörd türbə tamamilə məhv edilib.
Ağdam şəhərində yerləşən Pənahəli xanın (XIX əsr) və Mehdiqulu xanın türbələrinin dağıntılara məruz qoyulduğu, işğalçı Ermənistan tərəfindən abidələrə ciddi ziyan vurulduğu müəyyənləşdirilib. İbrahimxəlil xanın türbəsi (XIX əsr) isə tamamilə dağıdılıb”.
Bildirilib ki, Xocavənd rayonunda yerləşən Azıx mağarası, Ağdam rayonunda yerləşən Şahbulaq qəsrinin yaxınlığında xarici ölkələrdən olan mütəxəssislərin də daxil edildiyi saxta arxeoloji ekspedisiyalar tərəfindən qanunsuz qazıntı işləri təşkil olunub:
“Eyni zamanda Ermənistan tərəfi daha bir təxribata əl ataraq Şuşa şəhərindəki Yuxarı Gövhər ağa məscidində “bərpa” işləri adı altında abidənin tarixini saxtalaşdırmaqla məşğul olub, xalqımıza məxsus bu tarixi tikilinin fars məscidi olmasını iddia edib”.
“Kəlbəcər rayonunda yerləşən Xudavəng və Gəncəsər monastırları da daxil olmaqla, Qafqaz Albaniyasına aid bir çox məbədlər mənimsənilərək vandalizmə məruz qalıb. Xudavəng monastırına aid Arzu xatun kilsəsinin şərq divarındakı, Xudavəng monastırının incisi hesab olunan freska xüsusi üsullarla kəsilərək götürülüb. Gəncəsər monastırında aparılmış qanunsuz təmir işləri nəticəsində onun əzəli görkəminə zərər dəyib.
Qubadlı, Füzuli və Ağdam şəhərlərində vaxtilə yerləşmiş 1941-1945-ci il müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidələri tamamilə məhv edilib. Füzuli şəhərində Məhəmməd Füzulinin heykəli, Laçın rayonunun Güləbird kəndində Sarı Aşığın xatirə muzeyi, Molla Pənah Vaqifin Şuşa şəhərində yerləşən büstü, şairə Natəvanın Ağdam şəhərində yerləşən qəbirüstü abidəsi dağıdılıb”, - məlumatda deyilib.