Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Unikal.org-un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı ikinci rəsmi matçında Serbiya yığmasını qonaq edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da start götürəcək.

İndiyədək Azərbaycan və Serbiya yığmaları 5 dəfə qarşılaşıb. Bunlardan 4-ü rəsmi, 1-i isə yoldaşlıq oyununa təsadüf edib. Oyunlardan 1-də Azərbaycan, 3-də Serbiya qalib gəlibsə, daha 1 oyunda heç-heçə qeydə alınıb. Topların nisbətində də rəqib komanda öndədir - 14:6.

Yığmanın heyətində müdafiəçi Bəhlul Mustafazadə zədəlidir. "Sabah"ın futbolçusunun oynayıb-oynamayacağı sual altındadır. Serbiyalılar isə Bakıya 3 itki ilə gəlib. Almaniya "Verder"ində çıxış edən müdafiəçi Miloş Velkoviç və Rusiya "Rubin"inin hücumçusu Corce Despotoviç zədə, İtaliya "Fiorentina"sının müdafiəçisi Nikola Milenkoviç isə cəza səbəbindən meydana çıxa bilməyəcək.

Azərbaycan millisi qrupdakı ilk matçında Portuqaliyaya 0:1, yoldaşlıq görüşündə Qətərə 1:2 hesabı ilə uduzub. Serbiya yığması isə qrupdakı hər iki oyununu evdə keçirib. İrlandiyaya 3:2 hesabı ilə qalib gələn Draqan Stoykoviçin rəhbərlik etdiyi komanda Portuqaliya ilə oyunda heç-heçəyə razılaşıb - 2:2.

Hazırda qonaqlar 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Xalı olmayan Azərbaycan millisi isə 4-cü pillədə qərarlaşıb.

DÇ-2022-nin seçmə mərhələsi

III tur

A qrupu

20:00. Azərbaycan - Serbiya

Hakimlər: Roy Raynşrayber, David Elias Biton, Sagi Metzamber, David Fuksman (hamısı İsrail)

Bakı Olimpiya Stadionu

Xal durumu: Serbiya - 4, Portuqaliya - 4, Lüksemburq - 3, Azərbaycan - 0, İrlandiya - 0.

Qeyd edək ki, bu qrupun digər matçlarında Lüksemburq Portuqaliya ilə, Qətər isə İrlandiya ilə üz-üzə gələcək.