"Matçdan öncə fərqli qərarlar vermişdim. Azərbaycanda bombardir olmaqla beynəlxalq arenada oynamaq fərqlidir. Fiziki baxımdan güclü rəqibə qarşı oynayırdıq. Hücumçulardan razı qaldım. İkinci hissədə ön xətti gücləndirdim. Təəssüf ki, Mahir Emreli zədələndi və meydanı tərk etdi".
Unikal.org xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi evdə Serbiya yığmasına 1:2 hesabı ilə uduzduqları DÇ-2022-nin seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis özünü yaxşı hiss etdiyini bildirib: "Təbii ki, nəticəyə görə narahatam. Fərqli nəticə arzu edirdik. Mitroviç 3 oyunda 5 qol vurub. 4 qol epizodumuz oldu. Təəssüf ki, yararlana bilmədik. Fərq də bundadır. Futbolçulara oyundan sonra təşəkkürümü bildirdim. Komandamdan razı qaldım. Əminəm ki, bizdə hər şey alınacaq. Bəzən səhvlər bizə baha başa gəlir".
65 yaşlı baş məşqçinin sözlərinə görə, komandasının oyununda pozitiv hallar çoxdur: "İki güclü rəqibə qarşı oynadıq. Bu gün də son dəqiqələrdə buraxdığımız qolla uduzduq. İstənilən matçda səhv tapmaq olar. Bu gün yaxşı oynadıq. Fikirləşirəm ki, düz yoldayıq. Asan olmayacağını bilirəm. Futbolçular yavaş-yavaş dediklərimi başa düşür. Ümid edirəm ki, daha da inkişaf edəcəyik. Oyunçular hələ də fiziki baxımdan çatdıra bilmirlər".
De Byazi Azərbaycan Premyer Liqasının bombardiri Namik Ələskərovu iştirak ərizəsinə salmamasının səbəbini də açıqlayıb: "Bütün futbolçuların oyunlarını izləyirəm. Namiq Ələskərovu yığmadan kənarlaşdırdığımı deyə bilmərəm. Sadəcə, bu gün fiziki baxımdan güclü komanda ilə oynayırdıq. Namiq bu təzyiq dözə bilməzdi. Gələcəkdə komandamıza kömək edə bilər. Anatoli Nuriyev əvəzlənməsini özü istədi. Hətta çıxarkən dedi ki, Azər Salahlı da əvəzlənmək istəyir. Nuriyev işinə çox hörmətlə yanaşan oyunçudur".
Təcrübəli mütəxəsssis uğur qazanmaq üçün xeyli vaxt lazım olduğunu deyib: "İstəyirsiniz, sizə deyim, Albaniya millisi ilə Avropa çempionatının final mərhələsinə çıxmaq üçün nə qədər vaxt lazım oldu? 4 il. İlk 2 ildə komandanı qurduq, növbəti 2 ildə isə Danimarka və Serbiya kimi komandaları qabaqladıq. Qrupda Portuqaliya da var idi".
De Byazi qrupda Lüksemburq və İrlandiya yığmalarına qarşı keçirəcəkləri oyunlara da toxunub: "Dünən uşaqlarla bu barədə danışırdım. Onlara dedim ki, qrupda 5-ci yerdəyik, bu pillədə qalmaq istəyirsiniz, yoxsa yox? Görürəm ki, artıq məni başa düşürlər. Gələcəkdə də bu fəlsəfə ilə davam edəcəyik. Hazırda heyətdə yeganə legioner Anatoli Nuriyevdir. O da Ukraynanın 13-cü komandasında çıxış edir. Fərid Nəbiyevi tanıyıram. Çexiyanın 2-ci divizionunda oynayır. Hazırda milliyə çağırılan futbolçular daha hazırdırlar".
Baş məşqçi Dmitri Nazarov, Eddi İsrafilov, Rüfət Dadaşov kimi legionerlərin yenidən yığmaya dəvət olunması məsələsinə də toxunub: "Hazırda daha çox çempionatda oynayan futbolçuları götürürük. Düşünürəm ki, onlarla işləmək daha asandır. İnanıram ki, inkişaf edəcəyik. Mən Albaniya millisinə yeni təyin olunanda vəziyyət yaxşı deyildi. Heç kim komandanın uğur qazanmasına inanmırdı. Amma biz final mərhələsinə vəsiqə qazandıq".
De Byazi Aleksey İsayevin erməni dostu ilə bağlı paylaşımına da münasibət bildirib: "Uşaq özü də böyük səhv etdiyini başa düşüb. Həmin dəqiqə paylaşımı sildi. Gənc oyunçudur. Onu öldürmək düzgün olmaz".
Mütəxəssis bildirib ki, AFFA çempionatın formatını dəyişmək üçün əlindən gələni edir: "Biz də çox futbolçunun olmasını istərdik. Avropada oynayan oyunçularımız azdır. Ona görə də əsas diqqəti gənclərə veririk".