Bu gün Milli Qəhrəman, şəhid Həmidov Şükür Nəriman oğlunun doğum günüdür.

Unikal.org xəbər verir ki, bununla əlaqədar Qubadlı rayon İcra Hakimiyyəti və YAP Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə əvvəlcə Şəhidin ailəsi ilə görüş keçirilib. 

Daha sonra Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanda Şəhidin məzarına ziyarət olunub və gül dəstələri qoyulub. 

Ziyarət zamanı YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrilə iş üzrə şöbənin müdiri Emin Əliyev, Qubadlı rayon Ağsaqqallar Şurasının sədri Əvəz Hüseynov, Qubadlı rayon Yazıçılar Birliyinin sədri Namiq Məna, şəhidin döyüş yoldaşları, Sumqayıt şəhərinin axundu Hacı Rauf, Şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.  

Əvvəlcə Sumqayıt şəhərinin axundu Hacı Rauf Şəhidin ruhuna dualar oxudu.

Daha sonra YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev qeyd etdi ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordunun qısa zamanda əldə etdiyi nailiyyətlər, peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması imkan verdi ki biz torpaqlarımızı düşmənlərdən azad edək. 
Daha sonra Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.