Gəncənin "Kəpəz" klubunun rəhbəri Mehman Allahverdiyev mətbuata verdiyi açıqlamasında kluba sponsor tapdığını bildirib. Onun sözlərinə görə, Şahin Şıxlınski adlı iş adamı “sarı-göylər” elitaya yüksələcəyi halda kluba sərmayə qoyacaq. Yeni sponsor komandaya baxmaqla yanaşı, stadionu və bazanı təmir etdirməyi də boynuna götürüb. İddiaya görə, AFFA-nın rəhbərliyi sponsorla razılaşmayıb.
Məsələ ilə bağlı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla Unikal.org-a açıqlamasında futbol sayəsinə edilən yatırımlara qurumun qapılarının açıq olduğunu deyib:
"AFFA olaraq iş adamlarının futbol sayəsinə yatırım etməsi qaydalarına qapımız daim açıqdır. Ancaq sponsor olmaq istəyənlər rəsmi qaydada müraciət etməlidir. Premiyer Liqa klubları bununla bağlı lisenziyalaşma prosesindən keçməlidirlər. Sənədləşmədə problem yoxdursa və idman prisnsipləri klubun Premiyer Liqada çıxış etməsinə imkan verirsə, AFFA buna etiraz etməyəcək".
Rusiyada yaşayan azərbaycanlı iş adamının "Kəpəz"ə sponsor olması məsələsinə qurum rəsmisi "Bizə hələ ki bu barədə müraciət daxil olmayıb" deyə cavab verib.
Aygün İlqarqızı