Daha bir stadionun aqibəti şəhər sakinlərinin narazılığına səbəb olub.
Unikal.org-un məlumatına görə, Birinci Qarabağ döyüşlərinin şəhidi Yaşar Məmmədzadənin adını daşıyan Mingəçevir şəhər Stadionu bərbad vəziyyətdədir. Stadionun ot örtüyü tamamilə sıradan çıxıb, meydançada futbol oynamaq mümkünsüz hala düşüb.
Məsələ ilə bağlı stadionun direktoru Akif Hüseynov Unikal.org-a açıqlamasında bildirib ki, stadion 11 ildən çoxdur ki təmir olunmur: "Təmirlə bağlı lazımı yerlərə müraciət etmişik. Stadion sonuncu dəfə 2009-cu ildə təmir olunub".
Qeyd edək ki, 16 000 nəfər tutumu olan stadion Gənclər və İdman Nazirliyin strukturuna daxil olan Mingəçevir Gənclər və İdman İdarəsinin balansındadır.
Xatırladaq ki, Şəhid Yaşar Çələbi oğlu Məmmədzadə”Azərbaycan bayrağı“ ordeni ilə təltif edilmiş Mingəçevirin “Yenilməz batalyon”unun komandiri olub.
Aygün İlqarqızı