Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) baş katibi Bağdad Amreyev ABŞ prezidenti Cozef Baydenin qondarma "erməni soyqırımı" barədə bəyanatını qınayıb.
Unikal.org xəbər verir ki, bu barədə Türk Şurasının mətbuat xidməti məlumat yayıb.
B.Amreyevin bəyanatında deyilir: "ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərə zidd və bölgədəki əməkdaşlıq, eləcə də sabitlik ümidlərini zədələmək bahasına siyasi motivlər daşıyan açıqlamasından dərin təəssüf hissi keçirdim.
Ölkələr və xalqlar heç bir tarixi, elmi və hüquqi əsas olmadan başqa ölkələrin parlamentləri və ya rəhbərliyi tərəfindən mühakimə olunmamalı və məhkum edilməməlidir. Əksinə, 1915-ci il hadisələri beynəlxalq hüquq və müvafiq beynəlxalq sənədlər nəzərə alınmaqla şəffaf və ədalətli şəkildə araşdırılmalıdır. Başqa bir ölkəyə qarşı təhrif olunmuş tarixi iddiaların silah halına gətirilməsi yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərini alovlandırmaq istəyənlərə fayda gətirəcək.
ABŞ Prezidentinin açıqlamasını qınayır, siyasi məqsədlər və ya “tarixi yenidən yazmaq” cəhdləri ilə tarixin saxtalaşdırılmasının, bunun siyasi təzyiq üçün istifadə edilməsinin ölkələr və xalqlar arasında daha çox qütbləşməyə səbəb olacağına, eləcə də bölgəmizdəki sülhə və sabitliyə maneçilik törədəcəyinə inanıram.
Bu çərçivədə Türkiyənin 1915-ci il hadisələrinin tarixçilər tərəfindən araşdırılması üçün ortaq tarix komissiyası qurulması və bu arxivlərin açılması təşəbbüsü təqdirəlayiqdir. Bu, tarixi həqiqətləri ortaya qoymaq və ədalətli bir yaddaş yaratmaq istəyən hər kəs üçün konstruktiv bir yanaşma və xoşməramlılığın göstəricisidir".
Xatırladaq ki, Co Bayden 1915-ci il hadisələrindən danışarkən "soyqırımı" sözünü işlədib. O, qondarma “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.