AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi tərəfindən bu il ərzində ümumilikdə 14 min 652 yeraltı təkan qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat verib.
Onun sözlərinə görə, bunlardan 3960-ı yerli (Azərbaycan ərazisi), 7975-i isə Azərbaycan və ona bitişik ərazilərdə baş verən zəlzələlərdir.
"Azərbaycan və ona bitişik ərazilərdə 2021-ci ildə 17 hiss olunan zəlzələ baş verib. Ölkə ərazisində maqnitudası 3-dən yuxarı olan 61 zəlzələ baş olub. İl ərzində Şamaxı-İsmayıllı, Ağstafa, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, eləcə də Qusar-Quba, Talış zonalarında aktivlik yüksək olub. Böyük Qafqazın cənub-şərq yamacında, Zaqatala-Balakən bölgəsində seysmiklik zəif olub.
Bununla yanaşı, Xəzər dənizində seysmikliyin fon səviyyəsində olması müşahidə olunub. İran-Türkiyə sərhəddində, Gürcüstan-Ermənistan sərhəddində seysmiklik yüksək olub. Bundan başqa, Şıxzəhirli, Quşçu və Xəzər dənizindəki Daşlı palçıq vulkanlarında püskürmə qeydə alınıb" - Q.Yetirmişli deyib.