Venesuelanın Prezidenti Nikolas Maduro bəyan edib ki, venesuelalılardan hər dörd aydan bir COVID-19-a qarşı gücləndirici doza vurdurmaq tələb olunacaq.
"Unikal" xəbər verir ki, Venesuela Prezidenti dövlət televiziyasında yayımlanan ölkəyə müraciətində bildirib ki, koronavirusu adi qrip kimi müalicə edən dərmanlar aşkarlanana qədər və ya orqanizmdə virusa qarşı tam immunitet yaradan peyvənd istehsal olunana qədər, hər dörd aydan bir təkrar peyvənd etmək məcburiyyətindəyik.
N.Maduronun sözlərinə görə, Venesuela hökuməti Rusiya, Çin və Kuba ilə əməkdaşlıq çərçivəsində peyvənd əldə etmək üçün səy göstərib. Ölkədə 18 yaşdan yuxarı əhali tam peyvənd sxemini tamamlayıb, 2 yaşdan 17 yaşadək əhali arasında peyvəndlənmə səviyyəsi 60 faiz təşkil edir.
Prezident qeyd edib ki, Venesuela dünyada ilk ölkədir ki, peyvəndin ikinci dozasından dörd ay sonra elmi baxımdan revaksinasiya tətbiq etmək qərarına gəlib.
Rəsmi rəqəmlərə görə, Venesuelada COVID-19-a 518 min 750 yoluxma halı və bu xəstəlikdən 5 min 661 ölüm qeydə alınıb.