İnternetdə Rusiya prezidenti Vladimir Putinin mayın 16-dan 17-nə keçən gecə əməliyyat olunması ilə bağlı məlumatlar yayılıb.
"Unikal" xəbər verir ki, bu barədə “General SZR” teleqram kanalı məlumat paylaşıb.
"Prezidentin (Vladimir Putin - red) müalicəsində iştirak edən həkimlərin dediyinə görə, əməliyyat uğurla keçib. Biz artıq demişdik ki, Putin şəxsən mayın 17-dən 19-na kimi informasiya məkanında olmayıb", - mesajda deyilir.
Teleqram kanalının məlumatına görə, mayın 17-dən 19-dək informasiya məkanında “konservləşdirilmiş” əvvəlcədən yazılmış görüşlər və mesajlar yerləşdirilib və Putin bu müddət ərzində şəxsən iki dəfə telefon danışıqları aparıb.
“Mayın 20-də əvvəlcədən Rusiya Təhlükəsizlik Şurasının videokonfrans vasitəsilə iclası keçirilib, orada prezidentin girişi əvvəlcədən qeydə alınıb və Putinin videoformatda iştirakı bir həftə əvvəl olduğu kimi Deepfake texnologiyası ilə dəstəklənib”, - deyə bildirilib.
İddialara görə, mayın 20-də Putinin vəziyyəti pisləşsə də, 21-i səhər saatlarında həkimlər onun vəziyyətini stabill olduğunu deyiblər.
"Həkimlər Putinə yaxın günlərdə sakitləşməyi tövsiyə edir və onu görüşlərdə şəxsi iştirakdan çəkinməyə çağırır", - deyə kanal yazıb.
Bildirilir ki, Putinin səhhətinin real vəziyyətini bilən azsaylı şəxslərdən biri Aleksandr Lukaşenkodur.
Gülayə Mecid