ABŞ hakimiyyəti Amerika texnoloji şirkətlərinə Ukraynada xüsusi əməliyyat zamanı istifadə edilən Rusiya hərbi texnikasına Amerika istehsalı olan çiplərin necə quraşdırılması ilə bağlı suallar ünvanlayıb.
"Unikal" xəbər verir ki, bu barədə “Washington Post” öz mənbələrinə istinadən yazır.
Federal agentlər Amerika texnoloji şirkətlərini onların kompyuter çiplərinin Ukraynada tapılan Rusiya hərbi texnikasına necə düşdüyü ilə bağlı sorğu-sual etməyə başlayıblar.
Nəşrin məlumatına görə, ABŞ Ticarət Nazirliyi FTB ilə birlikdə bu məsələni araşdırır. “Washington Post”un yazdığına görə, ABŞ istehsalı olan çiplər və digər elektron komponentlər Rusiya radar sistemlərində, dronlarda, tanklarda, yerüstü idarəetmə avadanlıqlarında və sahil gəmilərində tapılır. Qəzetin yazdığına görə, bu komponentlərin çoxu illər əvvəl, ABŞ 2014-cü ildə ixrac məhdudiyyətlərini sərtləşdirməzdən əvvəl istehsal edilib.
Qeyd olunur ki, uzun illər Amerika şirkətləri ABŞ hökumətinin əvvəlcədən icazəsi olmadan Rusiya Federasiyasında qanuni əsaslı çipləri sata bilərdilər.