Xəbər verdiyimiz kimi, Bakıda Yol Patrul Xidməti (YPX) avtomobili qəzaya düşüb.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli "Unikal"a açıqlamasında bildirib ki, hadisə Ziya Bünyadov prospektindəki tuneldə baş verib:

"Qəzadan öncə tunelin içərisini yuyublar. Yer sürüşkən olub. YPX avtomobili həmin su daşıyan maşınla toqquşub. Nəticədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Mirzəyev Niftulla İlham oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir", - deyə o əlavə edib.

***

09:30

Gecə saatlarında paytaxtın Ziya Bünyadov prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, 99-YP-355 dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilinin yük maşını ilə toqquşduğu bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli