ABŞ Milli Təhlükəsizlik Şurasının koordinatoru Kirbi Rusiya və Ukraynanı danışıqlara çağırıb.

"Unikal" xəbər verir ki, o, ABC telekanalına müsahibəsində Ukrayna münaqişəsinin diplomatik yolla həllini təklif edib.

Kirbi jurnalistin Krım körpüsündə partlayışdan sonra böhranda payların artıb-artmadığı ilə bağlı sualını cavablandırarkən, "hər iki tərəfin danışıqlar masası arxasına oturaraq bu münaqişədən sülh və diplomatik çıxış yolu tapması lazımdır" deyə bildirib. Biz hamımız istəyirik ki, bu münaqişə bitsin. Çox uzun sürdü”.

Eyni zamanda Kirbi Vaşinqtonun rəsmi Kiyevi öldürücü silahlarla təmin etmək ideyasına sadiqliyini təsdiqləyib. O, xatırladıb ki, bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden Ukraynaya daha 600 milyon dollarlıq hərbi yardımın ayrılmasını təsdiqləyib.

Kirbi eyni müsahibədə Rusiyanın Ukraynada nüvə silahından istifadə ehtimalını dəyərləndirib. Onun sözlərinə görə, ABŞ Milli Təhlükəsizlik Şurasına bu təhlükə, eləcə də Putinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməsi ilə bağlı yeni məlumatlar daxil olmayıb.

Gültəkin