"Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri və ekologiya fəallarının Şuşa-Laçın yolunda keçirdiyi aksiyanı yüksək qiymətləndirirəm. Orada iştirak edənləri alqışlayıram".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, həmin şəxslər qəlblərinin hökmü ilə, hakimiyyətin hər hansı bir təhriki olmadan bu aksiyanı başladıblar:
"Aksiyada ərazilərimizdə sülhmərmalı qüvvələr adı altında fəaliyyət göstərən Rusiya silahlı qüvvələrinin bölmələrinin ərazidən çıxarılması, eləcə də Xankəndi və onun ətrafındakı separatçılara qarşı xalqın etirazını bildirmək əsas məsələ kimi durur. Rusiyanın sülhməramlı deyilən qüvvələrinin Azərbaycanın monitorinq qrupunun üzvlərini ərazilərə buraxmaqda köməklik göstərməməsi, erməniyanlı mövqe sərgiləməsi xalqı daha da coşdurdu. Sülhməramlıların ərazilərdən çıxarılması məsələsi də gündəmə gəlib. Hazırda tək vətəndaş cəmiyyəti fəalları, ekoloji sahədə çalışan qeyri-hökumət təşkilatının nümayəndələri deyil, ictimaiyyət nümayəndələrinin geniş hissəsi - tələbələr, gənclər bu prosesə qatılıblar. Bunu ümumxalq etirazı kimi qəbul etmək olar. İnanırıq ki, xalqın bu mesajı Azərbaycan hakimiyyət orqanlarına da təsir göstərəcək, onları müəyyən məqamda hərəkətə keçməyə vadar edəcək".
Politoloq qeyd edib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov qızıl yataqlarının istismarından müəyyən komissiya alır:
"O, kriminal iş adamı olan Ruben Vardanyana ortaqdır. Həmin ərazilərdə barbar formada Azərbaycanın faydalı qazıntı yataqları istismar edilir, onun xarici şirkətlərlə birlikdə ölkə ərazisindən çıxarılması prosesi gedir. Həmçinin, orada ekologiyanın pozulması halları var. Həm vətəndaş, həm də qeyri-hökumət təşilatlarının üzvləri, o cümlədən, ictimaiyyət nümayəndələri belə bir özbaşınalıqla barışmadılar. Buna cavab olaraq etiraz aksiyasına başladılar. Artıq etiraz aksiyası genişlənib və tələblər konkretdir. Azərbaycanın monitorinq qrupu ərazilərə buraxılmalıdır. Bu məqsədə nail olunmayınca, oradakı etiraz aksiyası dayanmayacaq".
Anar Kəlbiyev