"Kimin günahı varsa, ədalət məhkəməsi və xalqın qarşısında cavab verməlidir. Gənc dövlətik, dövlət quruculuğu ilə məşğuluq. Dövləti soyub-talamaqla deyil, qurmaqla məşğul olmalıyıq".
Bunu "Unikal"a açıqlamasında politoloq Qabil Hüseynli Naxçıvandakı həbslərlə bağlı danışarkən deyib. O bildirib ki, dövlət gec də olsa, bu proseslərə qarışıb və günahkarlar layiq olduqları cəzanı alacaqlar:
"İllərdir dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyib, onu varidata çevirib və dövlət quruculuğu işlərinə ciddi əngəl törədiblər. Naxçıvanı yağmalayan adamların hamısı məsuliyyətə cəlb edilməlidir. Onların taladıqları pulların hamısı geri qaytarılmalıdır. İşğaldan azad olunmuş ərazilərdə, eləcə də Naxçıvanda tikinti-quruculuq işləri üçün böyük vəsait lazımdır. Onlar bu vəsaiti oğurlayıblar".
Politoloq qeyd edib ki, Naxçıvanda ciddi struktur dəyişiklikləri baş verəcək: "Düşünürəm ki, Naxçıvanın muxtar respublika statusu ləğv ediləcək. Orada lüzumsuz qurumlar var ki, onların fəaliyyətinin dayandırılmasına ciddi ehtiyac yaranıb. Bütövlükdə, idarəçilik sistemi dəyişiləcək. Orada Prezidentin səlahiyyətli nümayəndəsi olacaq. Yəni, idarəetmə qaydası konstitusiya deyil, qanunlar toplusu olacaq. Bu qanunlar Azərbaycanın bütün rayonlarında olduğu kimi, orada da eyni gücə və qüvvəyə malik olacaq. Yenilənmiş Naxçıvan Azərbaycanda gedən proseslərə örnək ola biləcək səviyyəyə qalxacaq".
Xatırladaq ki, dekabrın 13-də Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov həbs olunub. O, 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Bundan əvvəl isə Naxçıvan MR-in Dövlət Gömrük Komitəsinin müxtəlif rəhbər vəzifəli şəxsləri və NMR Maliyyə naziri həbs edilib.
Anar Kəlbiyev