Azərbaycan Dillər Universitetinin (ADU) Konfutsi İnstitutunda Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının təşkilatçılığı ilə Olimpiya Mədəniyyət və Təhsil Proqramı (OCEP) layihəsi çərçivəsində Çin musiqi gecəsi keçirilib.
"Unikal" xəbər verir ki, ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov və Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədova açılış nitqi ilə çıxış edərək, Çinin ənənəvi mədəniyyətinin unikallığını və müxtəlifliyini qeyd edərək, Azərbaycan-Çin mədəni əməkdaşlığının genişləndirilməsinin vacibliyindən danışıblar. Tədbirdə çıxış edən Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndəsi Sevda Quliyeva OCEP proqramı haqqında söz açaraq, tələbələrə gələcək yaradıcılıq uğurları arzulayıb.
Gecədə İncəsənət Gimnaziyasının şagirdləri Çin mədəniyyətini təmsil edən rəngarəng konsert proqramı ilə çıxış ediblər. Gövhər Ağayarova və Rəhim Qədimzadə Çin dilində populyar mahnıları, Abid Çələbiyev isə kamançada Çin bəstəkarının əsərini ifa ediblər. Bəstəkarlıq fakültəsinin tələbəsi Eldar Cəbrayılovun Çin motivləri əsasında hazırladığı müəllif melodiyası böyük maraqla qarşılanıb.
Xoreoqrafiya şöbəsinin tələbələri ənənəvi Çin rəqsini ifa ediblər. Tədbirdə həmçinin ənənəvi çay dəstgahı mərasimi, Çin və ərəb xəttatlığı üzrə ustad dərsi, incəsənət fakültəsi tələbələrinin ənənəvi Çin rəssamlığı “ Qoxua ” üslubunda işlərindən ibarət sərgi nümayiş etdirilib.