Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir.
"Unikal" xəbər verir ki, layihə üzrə növbəti “Təcrübə mübadiləsi” “Şirə və şərab istehsalında müasir texnologiyanın və dünya standartlarının tətbiqi və nəticələri" mövzusunda reallaşdırılıb. Bu çərçivədə sahibkarlıq subyektləri üçün Ağsu rayonunda yerləşən “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyətə media nümayəndələrinin də iştirakı ilə infotur təşkil edilib.
İnfotur zamanı əvvəlcə şirə və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə görüş keçirilib. Görüşdə şirə və şərab məhsullarının istehsalının və ixracının artırılması imkanları müzakirə olunub.
Görüşdə həmçinin SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı qeyd edilib.
Görüşdən sonra “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyətdə şirə və şərab istehsalı prosesi və laboratoriyalarla tanışlıq olub, həmçinin şərabçılıq məhsulları dequstasiyadan keçirilib. İştirakçılara yeni istehsal metodları və qabaqcıl istehsalat təcrübələri barədə məlumat verilib. Rəqabətqabiliyyətliliyi qoruyub saxlamaq üçün modern texnologiyanın tətbiqinin əhəmiyyətli və zəruri olduğu bildirilib.
Qeyd edək ki, SOVQAT layihəsinin məqsədi qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların yeni qida təhlükəsizliyi sisteminə inteqrasiyasını təmin etməkdən ibarətdir. Layihənin icrası “Açıq Qapı”, “Təcrübə mübadiləsi”, “Sahibkarların beynəlxalq vebinarlara cəlb edilməsi” və “Peşəkarlarla görüş” istiqamətləri üzrə həyata keçirilir.