Prezident İlham Əliyev rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir, onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşırlar. Çünki o, müsəlman Şərqində ilk dünyəvi dövlət quran, ilk demokratik parlament yaradan, qadınlara ilk dəfə səsvermə hüququ verən ölkənin prezidentidir. O, müasirlik və maarifçilik ənənələrinin dərin köklərinin olduğu və modern Azərbaycanın da məhz bu bünövrə üzərində qurulduğu dövlətin başçısıdır. O, müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda mühüm mövqe tutan ölkənin rəhbəridir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının prezidenti olmaq onun həyat fəlsəfəsidir.

2003-cü il müstəqil Azərbaycanın həyatında yeni tarixi mərhələnin başlanğıcıdır. Ona görə ki, xalq ulu öndər Heydər Əliyevdən miras qalmış siyasi kursu və dövlətçilik ənənəsini davam etdirmək, ölkənin qarşısında duran mühüm taleyüklü məsələlərin həllinə nail olmaq üçün öz səsini İlham Əliyevə verdi. Onun ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” ifadəsi qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam və etibar qazandırdı.

Dövlət başçısı mühüm hədəflərə çatmaq üçün ilk növbədə ölkəmizin təbii sərvətlərini, insan potensialını və ən önəmlisi, xalqın iradəsini əsas götürdü. Bununla da dövlət başçısı Azərbaycanın gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevrilməsi kimi ali ideyanı müəyyənləşdirərək onun həyata keçirilməsinə start verdi. Tezliklə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi uğurla reallaşdı. Cəmiyyətin ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərindən də qalib çıxmasını şərtləndirdi.

Dövlət başçısı hər bir demokratik cəmiyyətdə olduğu kimi, Azərbaycanda da siyasi partiyaların rolunu möhkəmləndirdi, vətəndaş cəmiyyəti institutlarının müstəqilliyinin və maliyyə imkanlarının artırılmasına tövhə verdi. Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Bundan əlavə, dövlət strukturlarının fəaliyyətinin təkmilləşdirilməsini və şəffaflığın artırılmasını hər zaman diqqətdə saxlayan dövlət başçısı Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini yaratdı. Azərbaycan brendi olan “ASAN xidmət” və DOST Agentliyi vətəndaş-dövlət münasibətlərinin parlaq nümunəsinə çevrildi. 

Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti təqdirəlayiqdir. Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünənəməxsus yerini daha da möhkəmləndirdi. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Bu hadisə Azərbaycanda yürüdülən siyasətə və ən nəhəyət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Azərbaycan 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına üzv oldu, ona sədrlik etdi, Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurdu. 

Biz hər ötən il Azərbaycana marağın artdığını müşahidə edirdik. Hər il ölkəmizdə baş tutan müxtəlif beynəlxalq tədbirlər bu məsələdə xüsusi rol oynayır. Bakı artıq neçə ildir ki, Beynəlxalq Humanitar forumlara, Dünya Mədəniyyətlərarası Dialoq Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, Qoşulmama Hərəkatının müxtəlif mövzulu tədbirlərinə, Dünya dini liderlərinin görüşlərinə ev sahibliyi edir. Bəs nə üçün bu cür mötəbər tədbirlərin və görüşlərin keçirilməsi üçün təyinat məntəqəsi məhz Bakıdır? Cavab çox sadədir. Çünki heç bir hərbi təşkilatın üzvü olmayan Azərbaycan güclü beynəlxalq nüfuza malikdir. O, bütün qonşuları və müttəfiqləri ilə qarşılıqlı etimad əsasında fəaliyyət göstərir. Bütün bunlar isə ölkəmizin sabitləşdirici amil kimi rolunu daha da artırır.

Prezident İlham Əliyevin xidmətləri sayəsində Azərbaycanın strateji enerji siyasəti diplomatik münasibətlərdə mühüm komponenet kimi müəyyənləşib, xarici ölkələrin iqtisadi maraqları milli dövlətçilik mənafelərimizlə tam uzlaşdırılıb. İndi Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm faktordur. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələrindən sonra Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması həm Azərbaycanın, həm də tərəfdaşların həyatında yeni mərhələnin əsasını qoyub.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və bölgələrin davamlı yüksəlişi, regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramının qəbul olunması da Prezident İlham Əliyevin xidmətləridir. Bu çərçivədə Azərbaycan iqtisadiyyatı əsaslı inkişaf yolu keçib, milli iqtisadiyyata milyardlarla dollar investisiya qoyulub. Bütün bunlar da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun təmin olunmasına ciddi təsir göstərib, ölkədə güclü sahibkarlar sinfi formalaşıb. Dövlət xəttilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kredit ayrılıb. Bütün bunlar Azərbaycanın beynəlxalq reytinqlərinin yaxşılaşmasına təsir edib. Bununla da Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, postsovet məkanında keçid dövrünü başa vuran ilk ölkə olub.

Artıq Azərbaycan dünyada nəhəng layihələri icra edir. 2013-cü ildə ilk telekommunikasiya peykini orbitə çıxaran Azərbaycan bir il sonra “Azersky”ı, 2018-ci ildə isə “Azerspace-2” süni peykini orbitə buraxıb. Bununla da ölkəmiz dünya kosmos klubunun fəal üzvünə çevrilib. Bu dövrdə biz irihəcmli enerji, su, qaz və nəliyyat layihələrinin icrasına şahidlik etmişik. “Şimal-Cənub”, “Şərq-Qərb” beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilən Azərbaycan beynəlxalq tranzit məkanı statusu qazanıb. “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşması üçün bütün işlər görülüb, dəniz donanması yenilənib, beynəlxalq dəniz ticarət limanı kompleksi tikilib, Bakı Gəmiqayırma Zavodu işə düşüb. Ölkə üzrə 9 beynəlxalq aeraport istismara verilib. Regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfə olan, Avropa ilə Asiyanı birləşdirərək dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. 
Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri də xalqın həyatında mühüm yer tutan sosial sahələrin inkişafı ilə bağlıdır. Bu məqsədlə son illərdə ölkəmizin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənib. Minlərlə məktəb, yüzlərlə səhiyyə  və mədəniyyət müəssisəsi tikilib. Bununla da Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil, səhiyyə və mədəniyyət infrastrukturu yaradılıb. Dövlət başçısı milli-mənəvi dəyərlərin, dini etiqad azadlığının, konfessional və etnik rəngarəngliyin, multikulturalizm və tolerantlıq ənənələrinin qorunub saxlanmasını və inkişafını təmin edib. Onun prezidentliyi dövründə ölkədə yüzlərlə məscid, kilsə, sinaqoq tikilib və ya bərpa olunub. 

Keçmişə son dərəcə bağlı olan, müasirliklə ayaqlaşmağı bacaran xalqımızın istedadının böyük təbliğatçısı qismində çıxış edən Prezident İlham Əliyev mədəni irsimizə olan münasibətinin dinamikasını da yüksəldib. Azərbaycan ötən dövrdə “Evrovijn” kimi beynəlxalq mahnı yarışmasına ev sahibliyi edib. 2015-ci ildə tarixdə ilk dəfə reallaşan birinci Avropa Oyunları, iki il sonra isə IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilib. 2016-cı ildən Azərbaycan paytaxtı dünyada böyük tamaşaçı auditoriyası olan “Formula-1” yarışlarını yüksək səviyyədə keçirir. 

Prezident İlham Əliyev həmişə deyirdi ki, “Azərbaycan heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmayacaq, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol verməyəcək. Ölkəmizin ərazi bütövlüyü tam bərpa edilməli, azərbaycanlılar əzəli yurdlarına qayıtmalıdırlar!”. Bu sözləri deyərkən dövlət başçısı ölkədə peşəkar ordunun formalaşdırılması istiqamətində tarixi addımlar atırdı. Elə bir mərhələ gəlib çatdı ki, artıq Azərbaycan Silahlı Qüvvələri döyüş qabiliyyətinə, texniki təchizatına, zabit kadrlarının hazırlıq səviyyəsinə və əsgərlərin mənəvi-psixoloji durumuna görə dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşdı. Həm bu, həm də güclü hərbi sənaye kompleksinin yaradılması Azərbaycanın 2016-cı ilin aprelində, həmçinin, 2018-ci ildə baş verən Günnüt əməliyyatındakı uğurlarını təmin etdi.

Və 2020-ci ilin 27 sentyabrı... Həmin gün 30 ildir Qələbəyə susamış xalqın sevinci yerə-göyə sığmırdı. Qarabağı qarış-qarış, canıyla-qanıyla qazanan millətin mərd övladlarının şücaəti dillərə dastan olmuşdu. Birinci və ikinci Qarabağ müharibəsinin şahidi olan Azərbaycan xalqı o günlərdə məğlubiyyətlə qalibiyyət arasındakı fərqin təzahüründə taleyimizdəki faciələrin zəfərə dönüşünü qürurla izləyirdi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəqilliyin övladlarından yaratdığı ordu yurdumuzu, torpağımızı viran qoyan, evlərimizi, qəbirlərimizi, məscidlərimizi dağıdan düşməni rəzil vəziyyətə salaraq Qarabağa yollar açmışdı. Məhz o günlərdə dövlət başçısı inamla, həm də xalqın ürəyindən keçən sözləri deyirdi: “Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərir”.

Vətən müharibəsi bizim üçün tarixin dönüş nöqtəsi idi və bu mərhələdə biz Prezident-Xalq-Ordu birliyi sayəsində qalib gəldik. Bu vəziyyəti yaradan, onu detalına qədər düşünən və icra edən isə dövlətin zirvəsidir. Prezident İlham Əliyev millətimizin səsidir, düşmənin və onun dəstəkçilərinin qarşısında xalqın gərilmiş köksüdür. Çünki bu tarixi qələbə bizə torpaq yolunda öz canını belə əsirgəməyən qəhramanlarımızı tanımaq şansı verdi, bununla da Prezident İlham Əliyev 30 illik həsrəti əbədi xoşbəxtliyə çevirdi.

Bundan sonra bizim hər uğurumuzun adı “Zəfər” olacaq. 30 illik Qarabağ ayrılığının, Şuşa həsrətinin tükənən ümidi bu möhtəşəm zəfəri düşünən, onu gerçəyə çevirən, ona əbədi ömür verən liderin sayəsində ölmədi, əksinə, “Dəmir yumruğ”un qələbəsi ölümsüzlük qazandı. İndi hamımızın illərlə əsir olan ruhu azaddır. Bu azadlığın qüdrəti bizim birliyimizdə, xalqımızın hünərində, tarixdən gələn qəhrəmanlığındadır. Düşmənə göz dağı verən bu qələbənin memarı isə PREZİDENT İLHAM ƏLİYEVDİR!

ARİF ALIŞANOV