"Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Laçın-Xankəndi yolundakı vəziyyətlə bağlı Azərbaycan tərəfinin mövqeyini çatdırdım".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Azərbaycanın dövlət qurumları nümayəndələrinin Qarabağ iqtisadi rayonunda yerləşən faydalı qazıntı yataqlarında monitorinq aparmasının qarşısının alınıb:
“Bunu orada yaşayan əhali edib. Biz başa düşürük ki, bu, provokasiyadır. Monitorinq aparılması sahəsində iş əslində xeyli əvvəl başlamışdı. Son vaxtlar isə daha da intensivləşmişdi. Bu səylər nəticə vermədiyinə görə azərbaycanlı ekofəallar aksiyaya başladılar. Bu, onların hüquqlarıdır və hüquqlarından istifadə edirlər".
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda təşkil olunan etiraz aksiyası 16 gündür davam edir.