"Prezident İlham Əliyev tərəfindən ölkəmizin hər yerində islahatlar həyata keçirilir. Bu islahatlar Azərbaycanın hər bir guşəsini, o cümlədən Naxçıvan Muxtar Respublikasını əhatə edir".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov deyib. O xatırladıb ki, Azərbaycanda 14 iqtisadi zona yaradılıb:
"Getdikcə bu prosesin aktivləşməsi müşahidə olunur. Milli Məclisin Regional məsələlər komitəsi olaraq bizə də həm bələdiyyələrin, həm də rayon icra hakimiyyətlərinin həmin strukturlara uyğunlaşdırılması və s. məsələlərlə bağlı müraciətlər daxil olur. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin işi ilə bağlı irəliləyişlər var, çox böyük işlər görülür. Bu, praktikadan çıxmış strukturdur və əsasnamə ilə fəaliyyət göstərir. Bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi təyin edilib. Bu da Prezidentin səlahiyyətləri daxilində olan məsələdir və istənilən bölgəyə səlahiyyətli nümayəndə təyin etmək hüququ var".
Komitə sədri bildirib ki, Naxçıvanda ayrı-ayrı strukturların ləğv olunması və yaxud Baş idarəyə çevrilməsi prosesi gedir:
"Dövlətin apardığı işdir. Güman edirəm ki, bu iş davamlı şəkildə olacaq. Naxçıvanda da yeniliklərin şahidi olacağıq".
Anar Kəlbiyev