"Zəngəzur dəhlizinin açılması çox vacibdir. Bu, tək bizim ölkə ərazisi çərçivəsində deyil, eyni zamanda beynəlxalq dəhlizdir. Belə ki, Asiya və Avropanı birləşdirir, digər ölkələrin də buna qoşulması üçün geniş imkanlar açır".
Bunu "Unikal"a açıqlamasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, Azərbaycan dövləti bununla əlaqədar var qüvvəsi ilə çalışır:
"Dəfələrlə Prezident İlham Əliyev bildirib ki, nəyin bahasına olursa-olsun, Zəngəzur dəhlizi açılacaq. Gördüyünüz kimi, son vaxtlar bununla bağlı xeyli oyunlar gedir. İranın Ermənistanda konsulluq açmasını, bədnam rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa gəlməsini, orada axmaq bəyanatlar verməsini, o cümlədən digər məsələləri göstərmək olar".
Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasının gecikməsi ən çox Ermənistana ziyan vurur: "Onlar özü bundan əziyyət çəkir. Bu dəhliz açılandan sonra Ermənistan tam şəkildə Avropa və Asiyaya inteqrasiya edəcək, həmin qitədəki ölkələrlə iqtisadiyyatını qura biləcək və əsas müttəfiqi Rusiya ilə birbaşa əlaqələri yaranacaq. Ümidvarıq ki, 2023-cü ildə bu məsələ birdəfəlik həll olunacaq. Tək Zəngəzur dəhlizinin açılması deyil, sülh müqaviləsi də həll olunmalıdır ki, region ciddi şəkildə inkişaf etsin".
Anar Kəlbiyev