Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası artıq 18 gündür ki, davam edir. Hazırda Azərbaycan ictimaiyyətini maraqlandıran əsas məsələ aksiyanın keçirilməsi nəticəsində əldə olunan nəticələrdir.
Məsələ ilə bağlı "Unikal"a açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov bildirib ki, vətəndaş cəmiyyətinin fikirlərinə və etirazına hörmətlə yanaşmaq lazımdır:
"Bu, onların hüququdur. Onlar da öz hüquqlarından istifadə edirlər. Heç kim aksiyaçıların etirazının qarşısını ala bilməz. Bu, cəmiyyətin narahatlığını və xalqın etirazını göstərən aksiyadır. Hesab edirəm ki, aksiya artıq öz nəticələrinə çatmaqdadır. Bütün dünya başa düşür ki, müstəqil dövlətin suveren ərazisində hər hansı qeyri-qanuni fəaliyyət və ya dövlətin maraqlarına zidd olan hərəkətlər əsla qəbuledilməzdir.
Qaldı ki, ermənilərin yaydığı məlumatlara, bunlar hamısı provakasiyadır. Son zamanlar provakasiyaları törədənlər Vardanyan və onun ətrafındakı kənar qüvvələrdir. Cənab Prezident də son çıxışlarının birində qeyd etmişdi ki, bu məsələlərdə Ermənistandan daha çox can-fəşanlıq edənlər var. Buna baxmayaraq, provakasiyaların da ermənilərə heç bir xeyri yoxdur. Azərbaycan kifayət qədər güclüdür.
Bizim faydalı qazıntılarımızı qanunsuz istismar edən şəxslər faktiki olaraq orada yaşayan erməniləri həmin ərazilərdə girov saxlayırlar, onları şantaj edirlər və qorxudurlar. Bu hadisələr baş verməzdən öncə azərbaycanlılar Qarabağda ermənilərin yaşadığı kəndlərdən yol çəkiblər. Sərsəng su anbarından gələn sudan istifadə ilə bağlı danışıqlar aparıblar. Bunlar hamısı faktdır. Deməli, azərbaycanlılarla ermənilər normal ünsiyyət qura bilir və problemləri həll edə bilirlər. Artıq münaqişə bitib. Gələcək haqqında düşünmək lazımdır.
Həmin qüvvələr işə salındı, onlar Qarabağa göndərildi və qeyri-qanuni müdaxilələr etdilər. Ona görə də o qüvvələr nə qədər tez bizim ərazilərimizdən çıxsalar, onlar üçün bir o qədər yaxşı olar, çünki ərazilərimizdə cinayət törədiblər. Başqa dövlətin ərazisinə soxularaq qeyri-qanuni müdaxilə ediblər. Onlar ərazilərimizdən çıxdıqdan sonra biz Azərbaycan vətəndaşı olan ermənilərlə əlaqələrimizi daha da yüksək səviyyədə qura bilərik", - deyə deputat qeyd edib.
Murad İbrahimli