Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib ki, Qarabağda qanunsuz məskunlaşan erməni əhalisi lazımi malların qıtlığı ilə üzləşib. O, bütün bunları nəzərə alaraq, təsdiqlənmiş humanitar böhranın idarə olunmasında "Dağlıq Qarabağ xalqına" dəstək olmaq üçün baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrup yaratmaq qərarına gəldiyini bildirib.
Sülh müqaviləsinin imzalanmasından danışan Ermənistan tərəfinin bu cür addımları başa düşülən deyil.
Deputat Fazil Mustafa bununla bağlı "Unikal"a açıqlamasında bildirib ki, kim hay-küy salırsa, diqqət ona yönəlir. Deputat bildirib ki, biz bu istiqamətdə zəif tərpənirik:
"Nə üçün Naxçıvanda əhalinin blokadadan çıxma tələbi ilə Ermənistana qarşı mitinq keçirməyək? Niyə bu tələbi səsləndirməyək ki, Ermənistan 30 ildir Naxçıvanı blokadada saxlayır. Yolun açılmasını tələb edirik. Əhalini bu prosesə cəlb etməliyik. Ermənistan hansı metoddan istifadə edirsə, biz də bundan müəyyən dərəcədə istifadə etməyə çalışmalıyıq. Naxçıvan məsələsini aktuallaşdırmalıyıq. Qarabağa orada yaşayan ermənilərin yolu var, Naxçıvanın isə quru yolu yoxdur. Bəs bu necə olsun? Biz metodları axtarıb tapmalıyıq. Ekologiya ilə bağlı müsbət addım atıldı, nəticəsi yavaş-yavaş ortaya çıxır. Eyni şeyi Naxçıvanla bağlı da etməliyik".
F.Mustafa qeyd edib ki, Naxçıvan sakinləri yığışıb mitinq keçirib blokadanın ləğv olunmasını, Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən təzyiqə məruz qalmaqla bu yolu açmasını təmin etməliyik:
"Humanist addımın atılması tələbi ilə məsələni gündəmə gətirməliyik. Bunlar hamısı olmalıdır. Erməni istəyir ki, təxribat yaratsın, öz istədiyini yerinə yetirsin. Ona görə də bu məsələdə özümüzdən asılı məqamlara diqqət yetirərək qarşılıqlı addımlar atmalıyıq".
Anar Kəlbiyev