Tbilisidəki mitinqlərdə saxlanılanların hamısı sərbəst buraxılıb.

"Unikal" xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, söhbət 133 vətəndaşdan gedir.

Qeyd edək ki, martın 9-da Gürcüstanda etirazçılar yenidən etiraz aksiyalarına başlayıblar. Ölkə prezidenti Salome Zurabişvili yenidən nümayişçiləri dəstəkləyib. Aksiyalar artıq üçüncü gündür ki, davam edir. Vətəndaşların narazılığına xarici agentlər haqqında qanun səbəb olub, lakin bu qanun artıq parlamentdən geri götürülüb.

21:38

Tbilisidə parlamentin qarşısındakı meydanda vətəndaş fəalları və tələbələrin təşkil etdiyi növbəti etiraz aksiyası keçirilir.

"Unikal" xəbər verir ki, etirazçılar iki tələb irəli sürüblər - qanunvericilik səviyyəsində xarici agentlər haqqında qanun layihəsinin parlamentdən geri götürülməsinin rəsmiləşdirilməsi və martın 7-də və 8-də polis tərəfindən saxlanılan bütün etirazçıların azadlığa buraxılması.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihələrinin geri götürülməsini cəmiyyətin qələbəsi adlandırıb . Bu barədə onun videomüraciətində deyilir.

O, qanun layihəsinin geri götürülməsi barədə qərarın “xalqın real gücünü nəzərə almaqla” diktə edildiyini vurğulayıb.

Zurabişvili Gürcüstan hakimiyyətini xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıb. Eyni zamanda, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili prezidenti Tbilisidəki iğtişaşlar zamanı etdiyi hərəkətlərə görə tənqid edib. Gürcüstan müxalifəti qanun layihəsini geri götürdükdən sonra vətəndaşları gələcək fəaliyyətləri müzakirə etmək üçün planlaşdırılan mitinq əvəzinə “məlumat toplantısı” keçirməyə çağırıb.