Sabah Rusiya, Türkiyə, Suriya və İranın diplomatik departamentlərinin rəhbər müavinləri arasında danışıqlar keçiriləcək.

"Unikal" xəbər verir ki,  bütün nümayəndə heyətləri nazirlər səviyyəsində növbəti görüşü hazırlamaq üçün artıq Moskvaya gəlib. 

“Sabah xarici işlər nazirlərinin görüşünün hazırlanması ilə bağlı məsləhətləşmələr aparılacaq. Artıq bütün nümayəndə heyətləri Moskvaya gəlib”, - mənbə bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada apardığı danışıqlardan sonra qeyd edib ki, görüşün əsas məqsədi “Türkiyə və Suriyanın baxışlarının yaxınlaşması” olacaq. Öz növbəsində, Rusiya Federasiyası Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov ümid etdiyini bildirib ki, bu “vasitəçilik missiyası çox mühüm strateji məqsədə - Suriya-Türkiyə münasibətlərinin normallaşmasına yönəlib”.