İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, Gülağa Cəbiyevin idarə etdiyi VAZ-21099 markalı avtomobilin işıq cihazları nasaz olduğu üçün yol polisi əməkdaşı tərəfindən nəzarət qaydasında saxlanılıb. Yoxlama zamanı sürücünün narkotikin təsiri altında olmasına dair şübhələr olduğundan onun tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin də nəticəsinə əsasən, G.Cəbiyevin narkotik vasitə qəbul etdiyi sübuta yetirilib.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol tərtib edilərək barəsində qanunamüvafiq tədbir görülüb.