"Təəssüflə demək lazımdır ki, Azərbaycanda siqaret çəkən qızların sayı kəskin artır və artmaqdadır. Ən pisi odur ki, sonradan tərgitmək bacarığına görə qadınlar geridə qalırlar. Yəni, qadın orqanizminin siqaretdən imtina etməsi daha çətindir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, statistikaya görə Azərbaycanda hər 66 qadından biri siqaret çəkir:
"Düşünürəm ki, real rəqəm daha böyükdür. Çünki qadınlar bu tip məlumatın gizlədilməsinə önəm verirlər. Yəni, real siqaret çəkən qadınlar statistikada olandan daha çoxdur. Bunu tibbi statistika başqa yolla isbatlayır. Süd vəzi və ağciyər xərçəngindən əziyyət çəkən qadınların sayı çox artıb. Çünki siqaretin tərkibində olan kanserogen törəmələr birmənalı olaraq xərçəngi stimullaşdırır. 10 il ərzində siqaret çəkən qadınların tibbi müayinələrinin nəticələrinə əsasən, onların siqaret çəkməyən qadınlara nisbətən 25 dəfə artıq ağciyər xərçəngi xəstəliyinə tutulması aşkarlanıb. Bunun nəticəsini ölümlərdə də görürük. Azərbaycanla bağlı bir neçə il öncə açıqlanan hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir".