Fransada Bəşər Əsəd rejiminin 3 generalı 2013-cü ildə Suriyada həbs edilən 2 Fransa vətəndaşının qətlinə görə məsuliyyət daşıdıqları üçün mühakimə olunub.
"Unikal" xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Bildirilir ki, Əsəd rejiminin Milli Təhlükəsizlik Şurasının sədri Əli Məmlük, general-mayor Cəmil Həsən və briqada generalı Əbdülselam Mahmud haqqında “insanlığa qarşı cinayətlər, işgəncə və məcburi həbs” ittihamı ilə açılan məhkəmə istintaqı yekunlaşıb.
Paris Ədliyyə Məhkəməsinin müstəntiq hakimləri, Əsəd generallarının 2013-cü ildə Suriya-Fransa vətəndaşı Mazzan Dabbagh və oğlunun qətlində iştirak etdiklərinə görə Paris Ali Cəza Məhkəməsində “insanlığa qarşı cinayətlərdə və müharibə cinayətlərində ortaqlıq”da ittiham oluna biləcəyinə qərar veriblər.
Qeyd edək ki, Dəməşqdəki fransız məktəbində işləyən Mazzan Dabbagh və onun Dəməşq Universitetində təhsil alan oğlu Patrik Dabbagh 2013-cü ilin noyabrında Suriya Hərbi Hava Qüvvələrinin kəşfiyyatçıları tərəfindən həbs edilib..
Ailənin şikayəti ilə 2015-ci ildə açılan ilkin istintaq 2016-cı ildə genişmiqyaslı istintaqa çevrilib və Suriya rejimi Patrikin 2014-cü ilin yanvarında, atasının isə 2017-ci ilin noyabrında dünyasını dəyişdiyini açıqlayıb.
Fransa 2018-ci ildə generalların həbsinə beynəlxalq order verib.