Azərbaycanda kosmik fəaliyyətin prinsipləri məlum olub.

"Unikal" xəbər verir ki, bu barədə "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsində bildirilib.

Belə ki, kosmik fəaliyyət aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

Kosmik fəzadan sülh naminə istifadə edilməsi;

Milli maraqların qorunması;

Kosmik resurslardan səmərəli istifadə olunması;

Milli fəaliyyətə dövlət tərəfindən nəzarət edilməsi;

Kosmik fəaliyyətin və kosmik sənayenin təhlükəsizliyi, kosmik tullantıların ətraf mühitə təsirinin azaldılması.

Həmçinin qanun layihəsində kosmik obyektlərin dövlət qeydiyyatına alınması müəyyənləşib. 

Qanun layihəsinə görə, Kosmik fəaliyyət subyektlərinin kosmik obyektlər üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada Reyestrdə qeydiyyata alınmalıdır. Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 

Eyni zamanda kosmik fəzada olan kosmik obyektin bu Qanunun tələblərinə əməl etməklə özgəninkiləşdirilməsinə, dövlət mülkiyyətində olan kosmik obyektlərin “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özəlləşdirilməsinə, istismara yararsız hala düşmüş və məhv olmaya qarşı tam sığortalanmış kosmik obyektlər üzərində mülkiyyət hüququnun sığorta müqaviləsində nəzərdə tutulduğu halda sığorta ödənişi müqabilində sığortaçılara keçməsinə yol verilir. 

-Azərbaycan Respublikasının ərazisində aşkar edilmiş kosmik obyekt üzərində mülkiyyət hüququ Müqaviləyə və Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun müəyyən edilir.

-Reyestrdə qeydiyyata alınmış kosmik obyektlərə, həmçinin belə kosmik obyektlərin orbitdən çıxarılmasına dair məlumatlar milli kosmik operator tərəfindən Müqavilədə nəzərdə tutulmuş qaydada BMT-yə təqdim edilir.

Eyni zamanda, Azərbaycanda yerüstü kosmik infrastrukturun istismarına lazımi şərait yaradılması üçün onların ətrafında Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun olaraq xüsusi hüquqi rejimli mühafizə zonaları yaradılır.

- kosmik obyektlərin yerüstü idarəetmə mərkəzləri;
- kosmik fəzada olan kosmik obyektlə telekommunikasiyanı təmin edən yer stansiyaları;
- kosmik raket kompleksləri və vasitələri, kosmik obyektlərin uçuş və eniş poliqonları və platformaları, 
- kosmik uçuşların yerüstü idarəetmə məntəqələri;
- kosmik uçuşlara hazırlıq mərkəzləri;
- kosmik obyektin saxlanc yerləri və sınaq məntəqələri;
- kosmik fəaliyyət üçün zəruri olan digər yerüstü kosmik infrastruktur qurğular və vasitələr.

Anar Kəlbiyev