"Vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması və problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir".

"Unikal" xəbər verir ki, bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov mayın 11-də Nərimanabad qəsəbəsinin sakinləri ilə keçirdiyi səyyar qəbul-görüşü zamanı bildirib.

İcra başçısı və polis idarəsinin rəisi səyyar qəbul-görüş öncəsi yolüstü qəsəbə şəhidlərinin xatirəsinə inşa olunan kompleksin və Nərimanabad qəsəbə tam orta məktəbinin həyətində şəhidlərin xatirəsinə inşa edilən abidənin önünə gül dəstələri düzüb, şəhidlərimizə olan hörmət və ehtiramını ifadə ediblər. 

Taleh Qaraşov qəbul-görüşdə öncəliklə əhalinin həssas təbəqəsindən olan insanları dinləyib və qayğılarıyla maraqlanıb. İcra başçısı vurğulayıb ki, ölkə başçısı cənab İlham Əliyevin siyasi xəttinin mərkəzində insan amilinin dayanması, Vətən müharibəsindən sonra formalaşan yeni ictimai-siyasi şərait və xalqla dövlətin vəhdəti yeni idarəçilik mexanimzlərinin formalaşmasını şərtləndirir. Taleh Qaraşov qeyd edib ki, vətəndaşların qaldırdıqları bütün məsələlər diqqətlə və həssaslıqla araşdırılır, onların həlli üçün bütün imkanlar səfərbər edilir.     Səyyar qəbul-görüşdə qəsəbə ictimaiyyətini narahat edən və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan bütün məsələlər yerində həllini tapıb, digər məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. 

Yerli insanlar da fikir və istəklərini heç bir maneə olmadan rayon rəhbərliyinə çatdıra bildikləri üçün razılıqlarını ifadə ediblər. Dövlətə və Heydər Əliyev ideyalarına sadiq olan Nərimanabad qəsəbəsinin sakinləri çıxışlarında Prezident cənab İlham Əliyevın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu vurğulayıb və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.