Şəkidə baş verən ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub.

"Unikal" xəbər verir ki, 1978-ci il təvəllüdlü Balakən rayon sakini  Nazim Umarhacı oğlu Umarov idarə etdiyi “Reno Loga” markalı 99 VG 782 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki giriş avtomobil yolunda hərəkətdə olarkən idarəetmənin itirilməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub. Qəza zamanı avtomobildə olan sərnişinlərdən 1993-cü il təvəllüdlü Azər Əli oğlu Murtuzov və Şəki rayonu Suçma kənd sakini 2019-cu il təvəllüdlü Sədəf Dilqəm qızı Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər.

Sürücü N. Umarov və daha iki sərnişin qəza zamanı həyatını itirən azyaşlı Sədəfin atası 1990-cı il təvəllüdlü Dilqəm Vəli oğlu Seyidəliyev və 2001-ci il təvəllüdlü Beyləqən rayon sakini Əşrəf Zöhrab oğlu Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəza zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan meyitlər və yaralılar əraziyə cəlb eilmiş Fövqaladə Hallar Nazirliyinin  Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə  təhvil verilib.

Meyitlər müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Şəki rayon şöbəsinə göndərilib.  Yaralanan şəxslər isə müayinə və müalicə edilmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına  yerləşdiriliblər. 

Faktla bağlı araşdırma aparılır.

19:36

Şəkidə baş verən ağır yol qəzasında ölənlərin sayı iki nəfərə çatıb.

"Unikal" xəbər verir ki, qəza zamanı avtomobildə sərnişin qismində olan 4 yaşlı qız da aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.Qəza zamanı ölən sürücü və azyaşlı Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Yaralılar isə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda ölənlərin və yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

18:40

Şəkidə minik avtomobili ağaca çırpılıb, ölən və yaralananlar var.

"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şəki ərazisində baş verib.

Beləki, hərəkətdə olan “Reno Loga” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. İlkin məlumata görə, sürücü aldığı ağır bədən xəsarətlərdən hadisə yerində həyatını itirib. Daha iki sərnişin avtomobildə sıxılmış vəziyyətdə qalıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan meyiti və sərnişinləri çıxarmaq üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri cəlb edilib.

Seymur Əli