Bələdiyyənin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib.
Sabirabad rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, Sabirabad rayon Qaralar bələdiyyəsinin sabiq sədri Nəzirağa Quliyev və onun müavini, hazırkı bələdiyyə sədri Niyaməddin Məmmədovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Nəzirağa Quliyev və Niyaməddin Məmmədovun 2015-2019-cu illər ərzində xeyli miqdarda bələdiyyə əmlakını mənimsəmələrinə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin mülkiyyət hüququ tanınmayan torpaq sahəsini satmalarına əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan şəxslərə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilməklə cinayət işi aidiyyəti üzrə Sabirabad rayon məhkəməsinə göndərilib.