"Vətəndaş məmnunluğunun təmin olunması məqsədi ilə rayon mərkəzləri ilə yanaşı, kəndlərdə, habelə yaşayış massivlərində Birliyin "Səyyar qəbul otağı" qurulur. Məramımız sizin qaz təsərrüfatı ilə bağlı problemlərinizi məhz yerində dinləmək və onların həlli istiqamətində müvafiq addım atmaqdan ibarətdir".
"Unikal" xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Salyan Regional qaz istismarı İdarəsinin rəisi rayonun Arbatan kəndində sakinlərlə keçirilən görüş zamanı bildirib. Daha sonra mikrofon önünə keçən vətəndaşlar müraciətlərini səsləndiriblər. Arbatan kənd sakini İsmayıl Həsənov istehlak etdiyi təbii qaza görə borcunun olduğunu bildirərək müəyyən ödəniş etməklə fərdi yaşayış evinə qazın verilməsini xahiş edib.
Mərifət Mirzəyeva, Güloğlan Bağırov, Rafət Abbasov və Cahangir Zeynalovun müraciətləri isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı olub. Səsləndirilən hər bir müraciətlə bağlı Birliyin məsul şəxsləri tərəfindən vətəndaşlara lazımi izahatlar verilib, ünvanlanan suallar cavablandırılıb.