Gürcüstan prezidenti Salome Zurabişviliyə qarşı impiçment prosedurunun başladılması rəsmiləşib. 

“Unikal”ın Gürcüstan mediasına istinadən məlumatına görə, baş nazir İrakli Qaribaşvili hökumətin iclasında bildirib ki, Zurabişviliyə qarşı impiçment prosedurunun başlanması qərarı haqlıdır. Çünki o, hökumətin imtinasına baxmayaraq, xarici səfərə çıxıb və bununla ölkə Konstitusiyanı pozub.

"Təəssüflər olsun ki, Gürcüstan prezidenti qanunu amansızcasına pozur, halbuki biz qanunun əsas müdafiəçisi olmalı və başqalarına nümunə olmalıyıq. Ona görə də hakim partiyanın qəbul etdiyi qərar (impiçment proseduruna başlamaq - red.) tamamilə haqlıdır”, – deyə Qaribaşvili bildirib.

Xatırladaq ki, Zurabişvili avqustun 31-də hökumətin icazəsi olmadan xarici turneyə başlayıb və sentyabrın 1-də hakim partiya impiçment prosedurunun başlandığını elan edib. “Gürcü Arzusu” Zurabişvilinin “radikal müxalifət”lə birgə hərəkət etdiyini və Gürcüstanın Avropaya inteqrasiyasına mane olduğunu, prezident administrasiyası isə səfərin məqsədinin Gürcüstana . Aİ-yə namizəd ölkə dövlət statusunun verilməsini dəstəkləyən Avropa liderləri ilə görüşmək olduğunu bildirib.

Nuranə Abbasova