Məşq zamanı 7 yaşlı Fərid Bakarovu xüsusi amansızlıqla öldürməkdə ittiham olunan idmançı Mehman Xəlilovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
"Unikal"ın “qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda F.Bakarovun hüquqi varisi kimi tanınmış anası Aynurə Məlikova media nümayəndələrinin iclasda iştirak etməsinə etiraz edib.
O, işlə bağlı təfərrüatların yayılmasını istəmədiyini deyib:
“Biz burda şou göstərmək istəmirik. Sadəcə işin araşdırılmasını, hüquqi qiymət verilməsini istəyirik. Həmçinin təqsirləndirilən şəxslə mənim aramda olan söhbətlər olubsa, öz aramızdadadır, özümüz bilirik. Bunun yayılmasına qarşıyıq. Buna görə də prosesin qapalı keçirilməsini istəyirik.”
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti hüquqi varisin vəsatətini əsaslı sayıb.
Hakim deyib ki, işdə ailə sirri ilə bağlı sənədlər var. Buna görə də proses qapalı keçirilməlidir.
Qapalı keçirilən iclasda prokuror ittiham aktını elan edib.
Mehman Xəlilov ona verilən ittiham üzrə özünü təqsirli bilmədiyini, hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib.
Növbəti proses sentyabrın 21-də davam edəcək.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında qeydə alınıb. Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, zərərçəkmiş Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.
M.Xəlilova qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, barəsində həbs qətimkan tədbiri seçilib. İbtidai istintaqın sonunda onun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (xüsusi amansızlıqla və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələrinə tövsif edilib.